Ermənistanda media qurumuna BASQIN EDİLİB
Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyatlar keçirilir. Məlumata görə, əməkdaşlar Armat Media-nın ofisinə daxil olub və hazırda orada istintaq tədbirləri aparılır.
Ajans.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Ermənistanda bir sıra yüksək vəzifəli keçmiş məmurlar və ictimai xadimlər saxlanılıb.
Saxlanılanlar arasında Ermənistan Respublika Partiyasının (RPA) sədr müavini və keçmiş təhsil və elm naziri Armen Aşotyan, Bryusov Universitetinin sabiq rektoru Qayane Qasparyan, universitetin prorektoru Artur Ayvazyan, İdarə Heyətinin sədri Vigen Sarkisyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, onun oğlu Artyom Xaçatryan və Harutyun Tadevosyan da var.
İstintaq orqanlarının məlumatına görə, onlar təxminən 200 milyon rubl dəyərində əmlakla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları üzrə araşdırılır.
Bundan başqa, “Ermənistan” blokundan parlamentə namizəd olmuş şəxslərdən biri seçki rüşvəti verməkdə şübhəli bilinərək saxlanılıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi həmçinin Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri və RPA üzvü Arman Saakyanın iki ay müddətinə həbs edildiyini açıqlayıb. O, seçki rüşvətinin verilməsi və ya alınması ilə bağlı cinayət işi üzrə ittiham olunur.
Yerevanın keçmiş meri və sabiq nəqliyyat və kommunikasiya naziri Qaqik Beqlaryan da vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib