On ildən çox davam edən planlaşdırma və tikinti işlərindən sonra İllinoys ştatının Çikaqo şəhərində yerləşən Barak Obama Prezident Mərkəzi rəsmən iyunun 19-da fəaliyyətə başlayacaq.
Ajans.az xəbər verir ki, Mərkəzin açılışını bir gün əvvəl ABŞ-nin keçmiş prezidentinin özü edəcək. İlk ziyarətçiləri girişdə Barak və Mişel Obamanın heykəlləri qarşılayacaq. Çikaqonun cənubunda, Cekson parkında yerləşən və inşası 850 milyon dollardan çox vəsaitə başa gələn mərkəz vətəndaş azadlıqlarının təşviqi məqsədilə yaradılmış muzey, ictimai forum, kitabxana və gənclər üçün istirahət zonası da daxil olmaqla, bir çox mədəni, təhsil və ictimai məkanları özündə birləşdirir.
7.8 hektar sahəsi olan ərazi ABŞ-nin keçmiş prezidentinin karyerasına və irsinə ehtiram nümayiş etdirir. Kompleksin mərkəzi eksponatı ABŞ tarixindəki ilk qaradərili prezidentə həsr olunmuş muzeyin yerləşdiyi 69 metr hündürlüyündəki qranit obeliskdir.
Mərkəzin daxilində ziyarətçilər Barak Obamanın doğulmasından tutmuş, Oval kabinetdəki son günlərinə qədər olan həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər. Bununla yanaşı, qonaqlar kafeteriyada keçmiş prezidentin sevimli yeməklərindən olan və 15.5 dollara (təxminən 26 manat) təklif edilən "Obama Burgeri"ni dada bilərlər.