21 yaşlı qadın hərəkətdə olan avtomobildən əyilərək ÖLDÜ- VİDEO
Yaponiyada 21 yaşlı gənc ana hərəkətdə olan avtomobildən əyildikdən sonra həyatını itirib.
Ajans.az xəbər verir ki, hadisə 28 may tarixində Kasamatsu şəhərində baş verib. Məlumata görə, 21 yaşlı Kokoro Matsui ağır xəsarətlərlə avtomobilin içində tapılıb və xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etmək üçün 9 saat mübarizə aparsalar da, nəticə əldə olunmayıb.
CCTV görüntülərində Matsui avtomobilin ön sərnişin oturacağında əyləşərkən nəqliyyat vasitəsi hərəkətdə olarkən pəncərədən bayıra əyildiyi görünür. Həmin anda avtomobil dəmir yolu relsinin altından keçən kiçik tunelə yaxınlaşıb və qadın başını və bədəninin yuxarı hissəsini tunelin divarına çırpıb.
Avtomobili 21 yaşlı sürücü idarə edib. Qadının kiçik oğlu isə arxa oturacaqda olub və xəsarət almayıb.
Polisin ilkin versiyasına görə, sürücünün sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Onun mərhumun dostu olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.