Tarixdə ilk trilyoner ola biləcək şəxsin adı AÇIQLANDI
Amerikalı milyarder Elon Maskın tarixdə sərvəti 1 trilyon dollar həddini keçən ilk şəxs ola biləcəyi bildirilir.
Ajans.az The Guardian-a istinadən xəbər verir ki, bu, Maskın əsas səhmdarlarından olduğu kosmik texnologiyalar şirkəti SpaceX-in gözlənilən IPO-su (ilkin kütləvi təklif) sonrası baş verə bilər.
Məlumata əsasən, IPO-nun tarixdə ən böyük ilkin kütləvi təkliflərdən biri olacağı gözlənilir. Şirkətin 555,6 milyon səhminin hər birinin 135 dollardan satışa çıxarılması planlaşdırılır. Bu halda SpaceX-in bazar dəyərinin 1,77 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Bildirilir ki, Elon Mask IPO çərçivəsində öz səhmlərini satmayacaq və nəticədə şirkətin səsvermə hüququ verən səhmlərinin 82,4 faizinə nəzarəti əlində saxlayacaq.
Nəşr qeyd edir ki, SpaceX Maskın Marsda özünü təmin edən şəhər yaratmaq planlarında mühüm yer tutur. Şirkət həmçinin ABŞ hökuməti ilə iri həcmli aerokosmik müqavilələr həyata keçirir. Xüsusilə, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bir çox kosmik missiyalar üçün SpaceX raketlərindən istifadə edir.
Ekspertlər hesab edirlər ki, SpaceX-in bazar dəyərinin sürətlə artması Elon Maskın şəxsi sərvətini rekord səviyyəyə çatdıra və onu dünya tarixinin ilk trilyoneri edə bilər.