Bu ölkələr Hörmüzdə xüsusi imtiyazlardan yararlanacaq
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Rusiya və Çin Hörmüz boğazından keçidlər zamanı xüsusi rejimdən və əlverişli şərtlərdən yararlanacaqlar.
Ajans.az xəbər verir ki, Rusiyanın RİA Novosti agentliyinə danışan Əzizi qeyd edib ki, Hörmüz boğazı İran üçün xüsusi geosiyasi əhəmiyyət daşıyır və ölkənin ərazi sularının ayrılmaz hissəsidir.
“Hörmüz boğazı ərazi sularımızın və coğrafiyamızın bir hissəsidir. Buna görə də İran boğazla bağlı uyğun hesab etdiyi qərarları vermək hüququna malikdir. Heç kim bu hüququ sual altına ala bilməz”, – deyə o vurğulayıb.
Əzizi əlavə edib ki, Rusiya və Çin hər zaman İranı dəstəkləyib. Onun sözlərinə görə, İran üçün strateji əhəmiyyət daşıyan bu ölkələr Hörmüz boğazından istifadə zamanı xüsusi münasibət görəcək və əlverişli şəraitdən faydalanmağa davam edəcəklər.
Komissiya sədri həmçinin qeyd edib ki, zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması məsələsi ABŞ ilə aparılan danışıqlarda müzakirə olunmayıb.