Bu mükafat süni intellektə məhdudiyyət QOYDU
Kino Sənətləri və Elmləri Akademiyası Hollivudun ən nüfuzlu mükafatları uğrunda generativ süni intellektin (GAI) iştirakını rəsmi şəkildə məhdudlaşdırıb. 99-cu “Oskar” mükafatları ərəfəsində təşkilat insan yaradıcılığına üstünlük verən yenilənmiş uyğunluq qaydalarını elan edib.
Ajans.az xarici mediayas istinadən xəbər verir ki, aktyorluq nominasiyaları yalnız insan aktyorların razılığı ilə və onların birbaşa iştirakı ilə canlandırılmış rollara görə təqdim olunacaq. Bu rollar filmin rəsmi titrlərində də qeyd edilməlidir. Eyni zamanda, Akademiya ssenarilərlə bağlı “insan tərəfindən yaradılma” prinsipini təsbit edərək, süni intellektin yalnız köməkçi vasitə kimi istifadəsinə icazə verildiyini vurğulayıb.
Qərar film sənayesində süni intellekt texnologiyalarının sürətlə yayılması fonunda artan narahatlıqlara cavab kimi qiymətləndirilir. Xüsusilə rəqəmsal dublların və AI əsaslı məzmunun istehsalda geniş tətbiqi müzakirələri daha da kəskinləşdirib.
Müzakirələrə səbəb olan layihələrdən biri də Koert Vorhisin rejissorluğu ilə çəkilmiş “As Deep As the Grave” filmidir. CinemaCon-da təqdim olunan treylerdə mərhum aktyor Val Kilmerin süni intellekt vasitəsilə yaradılmış rəqəmsal obrazı nümayiş etdirilib. Layihə aktyorun ailəsinin razılığı ilə həyata keçirilsə də, bu kimi texnologiyaların istifadəsi sənayedə ciddi suallar doğurub.