Bu ölkələrə SƏYAHƏT EDƏNLƏR- Aviabiletlərin qiyməti ARTACAQ
Bu il 28 fevral tarixindən başlayan İran-İsrail, ABŞ münaqişəsi hələ də davam edir. Müharibə artıq Şərq regionunda bir sıra dövlətlərin ərazisinə qədər genişlənib. Həmin dövlətlərin çoxu isə turizmin əsas məkanlarından sayılır. Müharibənin gərginləşməsi və uzanması həmin ölkələrin iqtisadi, turizm siyasətlərinə də zərbə vuracaq.
Mövzu ətrafında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev Ajans.az-a danışıb.
O deyib ki, belə geniş miqyaslı bir münaqişə Yaxın Şərq regionunda turizm sektoruna mənfi təsir göstərəcək. Çünki beynəlxalq turistlər üçün təhlükəsizlik faktoru səyahət qərarlarında əsas rol oynayır. Əgər İran ilə İsrail arasında hərbi qarşıdurma geniş miqyas alarsa, turistlər regiona səyahətdən çəkinəcək.
Bu vəziyyət təkcə müharibənin baş verdiyi ölkələrə deyil, ümumilikdə bu regionda yerləşən turizm istiqamətlərinə də təsir edəcək. bilər.
Rəhman Quliyev açıqlayıb ki, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrdə turist axınının müəyyən müddət azalması ehtimalı var. Digər tərəfdən, belə gərginliklər zamanı hava məkanının bağlanması, uçuş marşrutlarının dəyişdirilməsi və sığorta risklərinin artması da turizm axınına əlavə maneələr yarada bilər. Tarix göstərir ki, regionda baş verən hərbi və siyasi böhranlar turizm sektoruna qısa və orta müddətdə ciddi təsir göstərir. Lakin münaqişə uzunmüddətli olmazsa və regionda sabitlik tez bərpa edilərsə, turizm sektoru adətən nisbətən qısa müddətdə bərpa olunur.

İran ilə İsrail arasında mümkün hərbi qarşıdurma aviabiletlərin qiymətlərinə bir neçə istiqamətdə təsir göstərə bilər. İlk növbədə, regionda təhlükəsizlik riskləri artdığı halda bəzi ölkələrin hava məkanı bağlana və ya məhdudlaşdırıla bilər. Bu isə aviaşirkətlərin uçuş marşrutlarını dəyişdirməsinə və daha uzun marşrutlardan istifadə etməsinə səbəb olur.
Ekspert deyib ki, münaqişə ilə bağlı avia marşrutların uzanması yanacaq xərclərini artırır və nəticədə biletlərin qiyməti də bahalaşır. Eyni zamanda, risk faktoruna görə sığorta xərcləri də yüksəlir ki, bu da aviaşirkətlərin qiymət siyasətinə təsir edir. Bəzi istiqamətlərə turist tələbi azalarsa, həmin marşrutlarda uçuşların sayı azaldıla bilər. Bu halda bazarda təklif azalacağı üçün biletlərin qiymətində dalğalanma müşahidə olunacaq.
Ümumilikdə, regionda hərbi gərginliyin artması qısa müddətdə aviabiletlərin qiymətlərində artım və uçuş qrafiklərində dəyişikliklər qaçılmazdır.