Reklam resmi
Reklam resmi

Putin Rusiyanın Türkiyədəki səfirini DƏYİŞDİ

Putin Rusiyanın Türkiyədəki səfirini DƏYİŞDİ
Dünya

Rusiya Prezidenti Vladimir Putin 20 fevral 2026-cı il tarixində Sergey Verşinini Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edib. O, eyni zamanda Rusiya xarici işlər nazirinin müavini vəzifəsindən azad olunub.

Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sergey Vasilyeviç Verşinin 24 iyul 1954-cü ildə anadan olub. 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MGIMO), 1991-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını, 1999-cu ildə isə həmin akademiyanın Ali Diplomatik Kurslarını bitirib.

1976-cı ildən etibarən SSRİ və Rusiya Xarici İşlər nazirliklərinin mərkəzi aparatında, eləcə də xarici nümayəndəliklərdə müxtəlif vəzifələrdə çalışıb. 1976–1981-ci illərdə Mərakeşdə, 1984–1991-ci illərdə isə Əlcəzairdə diplomatik fəaliyyət göstərib.

1993–1997-ci illərdə Rusiyanın Tunisdəki səfirliyində nazir-məsləhətçi olub. 1997–2000-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentində rəhbər vəzifədə çalışıb.

31 dekabr 1999-cu ildən 8 dekabr 2003-cü ilə qədər Rusiyanın Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. Sonrakı illərdə də Xarici İşlər Nazirliyində rəhbər postlarda fəaliyyətini davam etdirib.

2011-ci ildən Rusiya xarici işlər nazirinin Yaxın Şərq sülh prosesi üzrə xüsusi nümayəndəsi olub. O, Suriya nizamlanması və Fələstin–İsrail münaqişəsi ilə bağlı beynəlxalq danışıqlarda iştirak edib, Astanada, Cenevrədə və Vyanada keçirilən görüşlərdə Rusiya nümayəndə heyətinə rəhbərlik edib.

27 mart 2018-ci ildən Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Sergey Verşinin 2007-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini alıb. O, Dostluq ordeni (2008), Şərəf ordeni (2014), Aleksandr Nevski ordeni (2019) və IV dərəcəli “Vətənə xidmətə görə” ordeni (2024) ilə təltif olunub.

Ərəb, fransız və ingilis dillərini bilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Türkiyə

Digər Xəbərlər