Qırğızıstan Parlamentinin sədri İSTEFA VERDİ
Qırğızıstan Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Turğunbek uulu vəzifəsindən istefa verib. O, qərarını cümə axşamı keçirilən plenar iclasda açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə İnterfaks agentliyi xəbər yayıb.
Spiker çıxışında istefa qərarının könüllü olduğunu bildirib:
“Ölkədə baş verən siyasi proseslərlə əlaqədar olaraq bildirmək istəyirəm ki, mən hər hansı bir və ya iki nəfərə deyil, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü şəkildə istefa vermək qərarına gəldim. Bu, mənim şəxsi qərarımdır və heç bir xarici təzyiq olmadan qəbul edilib”.
Turğunbek uulunun istefası Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən sonra siyasi dairələrdə müzakirə olunurdu. Lakin parlament bundan əvvəl spikerin mümkün istefası ilə bağlı yayılan məlumatları təkzib etmişdi.
Qeyd edək ki, Nurlanbek Turğunbek uulu 17 dekabr 2025-ci ildə VIII çağırış parlamentin sədri seçilmişdi. O, əvvəlki çağırışda da qanunverici orqana rəhbərlik edib.
Bundan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevi və onun üç müavinini vəzifədən azad edib. Prezident qərarını milli birliyin gücləndirilməsi və cəmiyyətdə parçalanmanın qarşısının alınması zərurəti ilə əsaslandırıb.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Jumqalbek Şabdanbekov icra edir.