Ermənistanda 15 yaşlı yeniyetmə ÖZÜNÜ GÜLLƏLƏYİB
İrəvanda 15 yaşlı oğlanın ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Ajans.az Shamshyan.com-a istinadən xəbər verir ki, fevralın 5-də saat 00:40 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Baş İctimai Polis İdarəsinin Şenqavit şöbəsinə yaşayış binasının həyətində yeniyetmə cəsədinin tapılması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları və müstəntiqlər eyni binada yaşayan 15 yaşlı oğlanın cəsədini binanın həyətində, çardağın yaxınlığında yerləşən yelləncəkdə aşkar ediblər. İlkin məlumata görə, onun sağ gicgah nahiyəsindən güllə yarası olub.
Faktla bağlı Şenqavit İstintaq İdarəsində “intihar” maddəsi ilə cinayət işi açılıb. Yeniyetmənin cəsədinin yaxınlığında, ilkin ehtimala əsasən, hadisədə istifadə edildiyi düşünülən pnevmatik tüfəng tapılıb.
İlkin məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, meyitin xarici müayinəsi zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Saytın məlumatına görə, mərhum Ermənistanın tanınmış ali təhsil müəssisələrindən birinin birinci kurs tələbəsi olub.
Araşdırma davam etdirilir.