Uşaqlar sosial mediadan məhrum ediləcək: BU ÖLKƏDƏ
Sloveniya hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi üzərində işləyir.
Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Sloveniya Baş nazirinin müavini Matey Arkon açıqlama verib. Onun sözlərinə görə, təşəbbüs Təhsil Nazirliyi tərəfindən irəli sürülüb və digər ölkələrin təcrübəsinə əsaslanır.
Arkon bildirib ki, qanun layihəsinin hazırlanmasında təhsil, uşaq psixologiyası və rəqəmsal texnologiyalar sahəsində mütəxəssislər iştirak edəcəklər. Məqsəd uşaqların və yeniyetmələrin onlayn mühitdə qorunmasını təmin etməkdir.
“Son həftələr və aylarda bu məsələ Avropa və dünya miqyasında geniş müzakirə olunur. Bu addımla hökumət olaraq uşaqlarımıza olan məsuliyyətimizi nümayiş etdiririk”, – deyə Arkon hökumət iclasından sonra qeyd edib.
Rəsmi şəxs TikTok, Snapchat və Instagram kimi platformalara toxunaraq, hökumətin sosial media fəaliyyətini daha ciddi şəkildə tənzimləməyi planlaşdırdığını vurğulayıb.
Reuters-in məlumatına görə, təxminən 2 milyon əhalisi olan Sloveniya bu istiqamətdə İspaniya və Yunanıstanın təşəbbüslərini nümunə götürür. Belə ki, İspaniyada 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsi müzakirə olunur, Yunanıstanda isə 15 yaşdan kiçik uşaqlar üçün oxşar məhdudiyyətlərin tətbiqinə yaxınlaşılır.
Bununla yanaşı, Böyük Britaniya və Fransa kimi digər Avropa ölkələri də sosial mediadan istifadəyə dair tələbləri sərtləşdirmək imkanlarını nəzərdən keçirir.