Tramp “Sülh Şurası”nın sədri vəzifəsində ömürlük qalacaq?
ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətindən sonra da “Sülh Şurası”nın sədri vəzifəsində qalmaq, hətta bu postu “ömürlük” icra etmək ehtimalına qarşı olmadığını bildirib.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, bu məsələdə son qərar məhz ona məxsus olacaq.
“İstəsəm, bunu etmək hüququm var. Nəticədə, qərarı özüm verəcəyəm”, – deyə Tramp qeyd edib və hadisələrin necə inkişaf edəcəyini görmək lazım olduğunu əlavə edib.
ABŞ prezidenti bildirib ki, bəzi şəxslər onu vəzifədə qalmağa çağırır. Bununla belə, Tramp “amma bunu həqiqətən istəyib-istəmədiyimdən əmin deyiləm” deyə vurğulayıb.
“Sülh Şurası”nın nizamnaməsinə əsasən, sədr yalnız “könüllü istefa və ya əmək qabiliyyətini itirmə” hallarında dəyişdirilə bilər. Sənəddə Donald Tramp xüsusi olaraq qurumun birinci sədri kimi göstərilir ki, bu da onun istefa vermədiyi təqdirdə vəzifədə qalmasını mümkün edir.
Trampdan, həmçinin Rusiya prezidenti Vladimir Putinin “Sülh Şurası”na qoşulmasının maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsi ehtimalı ilə bağlı sual da verilib. ABŞ prezidenti bu mövzuya münasibət bildirərək deyib:
“O, Sülh Şurasına gəlib bir milyard dollar ianə edəcək və öz pulundan istifadə edəcək – əgər bunu edərsə – bu, əla olardı”.