Makronun taxdığı eynəklər lüks brendə rekord MARAQ YARATDI
Fransa prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda günəş eynəyi ilə görünməsi Fransanın lüks eynək istehsalçısı Henry Jullien brendinə marağın kəskin artmasına səbəb olub. Elə həmin gün şirkətin rəsmi veb saytı Fransa prezidentinin taxdığı eynəyi almaq istəyən istifadəçilərin çoxluğu səbəbindən fəaliyyətini dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə Franceinfo xəbər yayıb.
Xatırladaq ki, yanvarın 15-də Makron İstresdə yerləşən strateji hava bazasında çıxışı zamanı gözü qızarmış vəziyyətdə ictimaiyyət qarşısına çıxmışdı. Yelisey Sarayı bunun göz damarının partlaması ilə əlaqədar olduğunu açıqlamışdı. Prezident yanvarın 17-də Yelisey Sarayında keçirilən görüş zamanı ilk dəfə günəş eynəyi taxaraq ictimaiyyət qarşısında görünüb. O, bu addımı gözlərini qorumaq istəyi ilə izah edib, görünüşünün “qeyri-estetik” ola biləcəyi üçün üzr istəyib və bunun “pələng gözü”nə istinad kimi qəbul edilməməsini xahiş edib.
Yanvarın 20-də isə Makron Davosda Henry Jullien Pacific S 01 model günəş eynəyi ilə çıxış edib.
Henry Jullien brendinə sahib olan İtaliyanın iVision Tech şirkətinin prezidenti Stefano Fulchieri The Guardian qəzetinə bildirib ki, 2024-cü ildə Yelisey Sarayı şirkətə müraciət edərək G20 sammiti üçün diplomatik hədiyyə kimi 659 avro (təxminən 775 ABŞ dolları – red.) dəyərində Pacific S 01 Double Gold modelindən bir cüt, eləcə də prezident üçün əlavə bir eynək sifariş edib.
“Bu səhər xəbər bizim üçün sürpriz oldu. Zənglər və sayt üzərindən sorğular yağırdı… Veb sayt işləmirdi”, – deyə Fulchieri bildirib.
Qeyd edək ki, baş verənlərdən sonra iVision Tech şirkətinin səhmləri yanvarın 21-də 3,5%, yanvarın 22-də isə əlavə olaraq 25% artım göstərib.