Rusiyada generalın avtomobili PARTLADILIB
Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova məxsus avtomobilin partladığı bildirilir. Hadisə ilə bağlı general-mayora qarşı sui-qəsd cəhdinin edildiyi ehtimal olunur.
Ajans.az MNS-in Telegram kanalı-na istinadən xəbər verir ki, Moskvada Kia Sorento markalı avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələrinin əməliyyat hazırlığı şöbəsinin rəisi Fanil Sarvarov yaralanıb.
Bildirilib ki, xilasedicilər Sarvarovu partlayış baş verən avtomobildən çıxarıblar. O, ağır qəlpə yaraları və sınıqlarla xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hadisə paytaxtın Yasenevaya küçəsində yerləşən yaşayış binasının həyətində qeydə alınıb. İlkin məlumata əsasən, avtomobil hərəkətə başladıqdan dərhal sonra partlayış baş verib. Ehtimallara görə, nəqliyyat vasitəsinin kapotu altında evdə hazırlanmış partlayıcı qurğu yerləşdirilib.
Rusiya Federasiyasının Moskva şəhəri üzrə İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Hazırda hadisə yerində müstəntiqlər, məhkəmə ekspertləri və təcili yardım xidmətləri birgə araşdırma aparırlar.
