Göstərdiyi foto qalmaqala səbəb OLDU
2025-ci il üzrə Finlandiya Gözəli müsabiqəsi qalmaqalla yadda qalıb. Tac sahibi Sara Dzafçenin sosial şəbəkələrdə yayılan fotosu geniş ictimai reaksiyaya səbəb olub və nəticədə onun titulunun ləğv edildiyi açıqlanıb. Hadisə beynəlxalq səviyyədə də müzakirələrə yol açıb.
Ajans.az xəbər verir ki,22 yaşlı Sara Dzafçenin Finlandiya Gözəli seçildikdən sonra yayılan fotosunda əlləri ilə gözlərini əyilmiş formada göstərdiyi, paylaşımın başlığında isə “Çinli bir kişi ilə nahar edir” ifadəsinin yer aldığı bildirilib. Sözügedən jest Asiya mənşəli insanlara qarşı stereotipik və irqçi davranış kimi qiymətləndirilib.
Müsabiqənin təşkilatçıları bu davranışı “tac sahibinə yaraşmayan, müsabiqənin dəyərlərinə zidd hərəkət” adlandıraraq Dzafçenin Finlandiya Gözəli titulunun ləğv edildiyini elan ediblər. Qərar onun “Kainat Gözəli” müsabiqəsində iştirak etdiyi vaxt verilib. Boşalan titul ikinci yeri tutan Tara Lehtonenə təqdim olunub.
Dzafçe ilkin açıqlamasında fotonun bir dostu tərəfindən paylaşıldığını və jestin baş ağrısını azaltmaq məqsədi daşıdığını bildirib. Daha sonra isə o, xüsusilə Asiya icmalarından üzr istəyib.
Hadisə yalnız media müstəvisində deyil, Finlandiyanın siyasi gündəmində də əks-səda doğurub. Baş nazir Petteri Orpo Yaponiya, Çin və Cənubi Koreya vətəndaşlarından rəsmi şəkildə üzr istəyərək irqçiliyin Finlandiya cəmiyyətində yeri olmadığını vurğulayıb.