“Barselona” futbolçusu və həyat yoldaşı ÖLDÜRÜLÜB
Ekvadorun “Barselona” (Quayakil) klubunun müdafiəçisi Mario Pineyda və həyat yoldaşı küçədə silahlı hücuma məruz qalıb. Hadisə Quayakil şəhərində baş verib. Motosikletli naməlum hücumçular futbolçunun ailəsinə yaxınlaşaraq atəş açıblar.
Ajans.az Radio Sucre-nə istinadən xəbər verir ki, hücum zamanı Pineydanın həyat yoldaşı və anası onun yanında olub. Həyat yoldaşı ilə birlikdə Mario Pineyda ölüb, anası isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
“Barselona” klubu ölüm xəbərini sosial şəbəkələrdə təsdiqləyib. Pineyda karyerası ərzində həmçinin Ekvadorun “Independiente del Valle” və Braziliyanın “Fluminense” klublarında da oynayıb. “Barselona” ilə o, iki Ekvador çempionluğu və Ekvador Kubokunu qazanıb.
Hücumun motivi və şübhəlilərin kimliyi barədə hələ rəsmi açıqlama verilməyib.
Mövzular: