Putin: “Avropa bizimlə döyüşmək istəsə, biz buna hazırıq”
Rusiya prezidenti Vladimir Putin bildirib ki, avropalılar real vəziyyəti nəzərə aldıqları təqdirdə Moskva Ukrayna ilə bağlı danışıqlara qayıtmağa hazırdır.
Ajans.az xəbər verir ki,dövlət başçısı bu fikirləri 2 dekabrda Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Mark Vitkovla görüşdən öncə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Putinin sözlərinə görə, hazırda Avropa sülh istəmir və ABŞ rəhbərliyinə gəlmiş Donald Trampın münaqişənin həllinə yönəlik səylərinə mane olur.
“Biz Avropa ilə müharibə etməyəcəyik. Amma Avropa birdən bizimlə müharibə etmək qərarına gəlsə və bunu başlatsa, biz hazırda buna tam hazırıq. Belə bir halda çox qısa müddətdə elə vəziyyət yarana bilər ki, artıq danışıqlar aparacaq heç kim qalmayacaq”, – Rusiya lideri vurğulayıb.
Putin həmçinin bəyan edib ki, Qara dənizdə tankerlərə edilən hücumlara cavab olaraq Rusiya Ukrayna limanlarına və həmin limanlara daxil olan gəmilərə qarşı əməliyyatları genişləndirəcək. O, Ukraynanın Qara dənizdə tankerlərə hücumlarını “piratçılıq” adlandırıb:
“Tankerlərə hücumlar, hətta neytral sularda deyil, üçüncü dövlətin xüsusi iqtisadi zonasındakı sularda belə piratçılıqdır.”
Dövlət başçısı əlavə edib ki, Rusiya Ukraynanın bu fəaliyyətinə dəstək verən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirir. Onun sözlərinə görə, belə halların qarşısını almanın ən radikal yolu Ukraynanı dənizə çıxış imkanlarından məhrum etmək olardı:
“Onda onun ümumiyyətlə piratçılıqla məşğul olması mümkün olmayacaq”, – Putin qeyd edib.