Reklam resmi
Reklam resmi

Gürcüstan əcnəbilər üçün dövlət dili imtahanı tətbiq edəcək

Gürcüstan əcnəbilər üçün dövlət dili imtahanı tətbiq edəcək
Dünya

Gürcüstan hökuməti ilk dəfə olaraq dövlət dili üzrə rəsmi imtahan keçirəcək.

Ajans.az Georgia Online-a istinadən xəbər verir ki, imtahana qeydiyyat 24 noyabrda başlayıb və 1 dekabrda başa çatacaq. Bu barədə təhsil, elm və gənclər naziri Givi Mikanadze brifinqdə məlumat verib.

Nazirin sözlərinə görə, dünyanın bir çox ölkəsində dövlət dili üzrə imtahanlar mövcuddur və nəticədə imtahan verənlər dövlət tərəfindən tanınan dil biliyi sertifikatı əldə edirlər. Gürcüstanın da bu təcrübəni tətbiq etməsi beynəlxalq tələbələr, dövlət qulluğunda işləmək hüququ olan əcnəbilər, xaricdə yaşayan gürcülər və biznes sektorunda gürcü dilində danışmayan işçilər üçün mühüm əhəmiyyət daşıyır.

Mikanadze bildirib ki, dövlət dili imtahanının əsas məqsədi gürcü dilinin dövlət dili statusunun möhkəmləndirilməsi və tətbiq dairəsinin genişləndirilməsidir. 2023–2024-cü illər üzrə dövlət dili strategiyasına uyğun olaraq, Milli Qiymətləndirmə və İmtahan Mərkəzi beynəlxalq standartlara tam uyğun imtahan hazırlayıb. İmtahan ildə bir neçə dəfə keçiriləcək və dörd kompetensiyanı yoxlayacaq: dinləmə, oxuma, yazı və danışma.

Hazırkı mərhələdə iki pilləli test keçiriləcək: birinci imtahan A1–A2 səviyyələrini, ikinci isə B1–B2 səviyyələrini müəyyən edəcək. Namizədin səviyyəsi topladığı bal əsasında təyin olunacaq.

Nazir əlavə edib ki, 2030-cu ildən etibarən C1 və C2 səviyyələrini müəyyən edən imtahanların da keçirilməsi planlaşdırılır və bu istiqamətdə hazırlıq işləri davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan imtahan

Digər Xəbərlər