Avstraliya Çin hərbi təyyarəsini təhlükəli manevrlərdə ittiham edib
Avstraliya Müdafiə Nazirliyi Çin hərbi hava qüvvələrini Cənubi Çin dənizi üzərində avstraliyalı patrul təyyarəsinə qarşı "təhlükəli və qeyri-peşəkar" manevr həyata keçirməkdə ittiham edib.
Ajans.az xəbər verir ki,insident bazar günü baş verib. Çin qırıcı təyyarəsi Avstraliyanın P-8A Poseidon patrul təyyarəsinin yaxınlığında təhlükəli manevr edərək onun istiqamətində məşəl (flare) atıb. Hadisə nəticəsində avstraliyalı hərbi təyyarəyə ziyan dəyməyib, heyət üzvləri arasında xəsarət alan olmayıb.
Avstraliya tərəfi bu insidentlə bağlı rəsmi etirazını Pekinə bildirib və qeyd edib ki, hərbi aviasiya qarşılıqlı qarşılaşmalarda beynəlxalq təhlükəsizlik və peşəkarlıq qaydalarına riayət etməlidir.
Çin Xalq Azadlıq Ordusunun Cənub Hərbi Komandanlığının Hərbi Hava Qüvvələri sözçüsü, polkovnik-leytenant Li Jianjian isə cavab olaraq bildirib ki, Avstraliya təyyarəsi guya Çin hava məkanını pozub və bu səbəbdən hava məkanından çıxarılıb. O, insidentin Çin suverenliyini ciddi şəkildə pozduğunu vurğulayaraq Kanberranı təxribat xarakterli hərəkətlərə son verməyə çağırıb.
Bu hadisə Cənubi Çin dənizində son illər artmaqda olan hərbi gərginliyin fonunda baş verir. Çin bölgədəki adalar və resurslarla zəngin dəniz zonaları üzərində geniş ərazi iddiaları irəli sürür, bu isə regionda digər ölkələrlə, o cümlədən ABŞ, Avstraliya və Yaponiya ilə münaqişələrə səbəb olur.