Avropa İttifaqı Ukrayna ilə birgə PUA istehsalına başlayacaq
Avropa İttifaqı Ukrayna ilə birlikdə döyüş məqsədli pilotsuz uçuş aparatlarının (PUA) istehsalına dair yeni layihəyə start verməyə hazırlaşır.
Ajans.az xəbər verir ki,bu barədə Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius məlumat verib. Onun sözlərinə görə, PUA Alyansı adlı layihənin 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Komissar qeyd edib ki, layihə üzərində hazırlıq işləri artıq başlayıb.
“Hazırda Pilotsuz Uçuş Aparatları Alyansı layihəsi hazırlanır və biz onun gələn ilin əvvəlində istifadəyə veriləcəyini gözləyirik,” – deyə Kubilius bildirib.
Avropa rəsmisinin sözlərinə görə, layihə çərçivəsində istehsal prosesi Avropa ölkələrində həyata keçiriləcək, ukraynalı mütəxəssislər isə texniki və texnoloji nəzarət funksiyalarını icra edəcəklər.
Layihənin əsas məqsədi Ukraynanın müdafiə qabiliyyətini artırmaq və Avropa müdafiə sənayesi ilə inteqrasiyasını gücləndirməkdir.