Von der Leyen ilk dəfə Tramp administrasiyasına sərt mövqe tuta bilər
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Birləşmiş Ştatlara güzəştə getməkdən imtina edə bilər.
Ajans.az Euractiv portalına istinadən xəbər verir ki, Brüssel Vaşinqtondan fərqli olaraq BMT-nin istixana qazı emissiyalarının azaldılmasına dair sazişini dəstəkləyir və bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir.
Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası rəhbəri BMT-nin iqlim təşəbbüsünü dəstəkləyən ölkələri sanksiyalarla hədələyən ABŞ administrasiyasının təzyiqlərinə baxmayaraq, geri çəkilmək niyyətində deyil. Əgər bu yanaşma rəsmən təsdiqlənsə, bu, Ursula fon der Leyenin ABŞ prezidenti Donald Trampın administrasiyasına ilk dəfə açıq şəkildə qarşı durması anlamına gələcək.
Oktyabrın 15-də Financial Times yazıb ki, Brüssel Ağ Evdən yan keçərək ABŞ-la münasibətlərdə iqlim və enerji gündəmində birbaşa ştat rəhbərləri və iri biznes qurumları ilə əməkdaşlıq etməyə hazırdır.
Bundan əlavə, Politico nəşri Avropa İttifaqının ABŞ şirkətlərinə iqlim dəyişikliyi ilə mübarizəyə dair tələblər sahəsində istisnalar tətbiq etməkdən imtina etdiyini yazıb. Bu isə Aİ üçün “qırmızı xətlər”in keçilməsi demək olardı.