Rusiyada Əsədin Suriyaya ekstradisiyası ehtimalını “qəribə” adlandırdı
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov, Suriya prezidenti Bəşər Əsədin ölkəsinə ekstradisiya olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, belə bir tələbin mümkünlüyünü “qəribə” adlandırıb.
Ajans.az xəbər verir ki,bu barədə siyasətçi Lenta.ru-ya açıqlama verib.
Novikov qeyd edib ki, Bəşər Əsəd bir vaxtlar qanuni olaraq Suriyanın seçilmiş prezidenti olub və onun bu şəkildə hədəf alınması insan haqları prinsipləri ilə ziddiyyət təşkil edə bilər:
“Keçmiş liderin yeni hakimiyyətə ekstradisiyası, xüsusilə repressiya riski fonunda, çox qəribə görünür. Əsəd bir vaxtlar ölkənin qanuni rəhbəri olub və indi Suriyanın onu cəzalandırmağa çalışması ehtimalı var. Bu, insan hüquqları və beynəlxalq hüquq normaları ilə uzlaşmır.”
Deputat əlavə edib ki, Rusiyada digər ölkələrin keçmiş rəhbərləri də var və bu praktika presedent yaradır:
“Məsələn, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyadadır. Əgər Rusiya bu kimi tələbləri yerinə yetirməyə başlasa, bu, beynəlxalq prinsiplərə və insan hüquqlarına zidd addım olar. Çətin ki, belə bir yanaşmanı qəbul edək.”
Xatırladaq ki, bəzi KİV-lər Suriya prezidenti Əhməd əl-Şaraanın Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşündə Bəşər Əsədin yeni hakimiyyətə təhvil verilməsini tələb edə biləcəyi barədə məlumat yaymışdı. Görüşdə həmçinin Rusiyanın Suriyadakı Tartus dəniz bazası və Xmeymim aviabazasının gələcək statusu da müzakirə mövzularından biri ola bilər.