Reklam resmi
Reklam resmi

Madaqaskar Prezidenti "təhlükəsiz yerə" sığındığını bildirib

Madaqaskar Prezidenti \"təhlükəsiz yerə\" sığındığını bildirib
Dünya

Madaqaskar Prezidenti Andry Rajoelina özünə qarşı sui-qəsd və dövlət çevrilişi cəhdindən sonra "təhlükəsiz yerə" sığındığını açıqlayıb.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,51 yaşlı Rajoelina Facebook-da xalqa canlı müraciətində bildirib ki, bir qrup hərbçi və siyasətçi onu fiziki cəhətdən aradan qaldırmaq və hakimiyyəti devirmək planı hazırlayıb.

“Sentyabrın 25-dən bəri həyatım və ölkədəki sabitlik hədəf alınıb. Mənə qarşı sui-qəsd və çevriliş cəhdləri olub. Həyatımı qorumaq üçün təhlükəsiz yerə getməyə məcbur oldum,” – deyə o, vurğulayıb.

Prezident yerini açıqlamasa da, mediada onun Fransaya məxsus hərbi təyyarə ilə ölkədən çıxdığı ehtimal olunur. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Ölkədə vəziyyət iki həftəyə yaxındır gərgin olaraq qalır. “Gen Z Mada” kimi tanınan gənclər hərəkatının rəhbərlik etdiyi genişmiqyaslı etiraz aksiyaları Rajoelinanın istefası tələbilə davam edir.

Etirazları sakitləşdirmək üçün Prezidentin hökuməti buraxması və bir sıra güzəştlərə getməsi də vəziyyəti sabitləşdirməyə kifayət etməyib. Həftəsonu Prezident Administrasiyası Rajoelinanın hakimiyyətdən zorla uzaqlaşdırılmasına dair cəhdin olduğunu bildirib.

Bazar ertəsi xalqa müraciət bir neçə dəfə təxirə salınıb. Səbəb kimi, silahlı qüvvələrin dövlət televiziyasının binasını ələ keçirmək təhdidi göstərilib.

Nəhayət, Facebook-da yayımlanan çıxışında Rajoelina ölkə Konstitusiyasına əməl olunmasının vacibliyini qeyd edib:

“Bu böhranın yalnız bir həlli var – ölkədə qüvvədə olan Konstitusiyaya hörmət və ona əməl olunması,” – deyə o bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Madaqaskar Andry Rajoelina

Digər Xəbərlər