Tramp: “İsrail İrana dostluq əlini uzatmağa hazır olacaq”
ABŞ prezidenti Donald Tramp İsrail parlamentində — Knessetdə planlaşdırılan çıxışı zamanı bəyan edəcək ki, İsrail hətta İranla da dostluq və əməkdaşlığa açıq ola bilər.
Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentlik Amerika liderinin çıxışından sitat gətirir:
“Hətta İran üçün belə, dostluq və əməkdaşlıq əli həmişə uzadılacaq.”
Tramp çıxışında Qəzza razılaşmasını da dəyərləndirərək onu “yeni Yaxın Şərqin tarixi şəfəqi” adlandıracaq. O, Qəzza sakinlərinə diqqətlərini iqtisadi inkişaf və sabitlik üzərində cəmləməyi tövsiyə edəcək.
Xatırladaq ki, oktyabrın 10-na keçən gecə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi hökumətin bütün girovların azad edilməsi ilə bağlı sazişi təsdiqlədiyini açıqlamışdı. Bu razılaşma ABŞ-ın vasitəçiliyi ilə oktyabrın 9-da Misirdə aparılan danışıqlardan sonra əldə olunub.
Donald Tramp həmin gün bildirib ki, tərəflər sülh planının birinci mərhələsi üzrə razılığa gəliblər. Bu mərhələ bütün girovların azad olunmasını və İsrail qoşunlarının Qəzza zolağında razılaşdırılmış xəttə çəkilməsini nəzərdə tutur.