Baltikyanı ölkələr Rusiya hücumu halında evakuasiya planlaşdırır
Baltikyanı ölkələr mümkün Rusiya təcavüzü ssenarisi fonunda mülki əhalinin kütləvi təxliyəsi üçün fövqəladə planlar hazırlayır.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, bu həftə Litvada keçirilən evakuasiya təlimində 100-ə qədər insan iştirak etsə də, rəsmi şəxslər daha geniş miqyaslı senarilərə hazırlaşırlar.
Litvanın yanğınsöndürmə xidmətinin rəhbəri Renatas Pozela bildirib ki, Rusiya və Belarusla sərhəddən 25 kilometr radiusda yaşayan təxminən 400 min insanın təxliyəsi nəzərdə tutulur. Onların böyük hissəsinin – təxminən 300 min nəfərin – Kaunas şəhərində, o cümlədən idman arenalarında yerləşdirilməsi planlaşdırılır. Pozela əlavə edib ki, artıq toplanma məntəqələri müəyyən edilib, zəruri avadanlıq və ehtiyatlar toplanıb.
Avtomobillə evakuasiya olunan əhali əsas yolları hərbi texnika üçün boş saxlamaq məqsədilə ikinci dərəcəli marşrutlara yönləndiriləcək.
Estoniya da mümkün hərbi böhran zamanı əhalisinin 10%-nin, o cümlədən Rusiya sərhədində yerləşən Narva şəhərinin sakinlərinin köçürülməsi ilə bağlı plan hazırlayıb. Latviyanın proqnozlarına görə, Rusiya hücumu halında ölkə əhalisinin üçdə birinə qədəri – təxminən 600 min insan – evlərini tərk etməli ola bilər.
Reuters qeyd edir ki, Baltikyanı ölkələrin heç birində vətəndaşların ölkə sərhədlərindən kənara çıxarılmasına dair əhatəli plan mövcud deyil.
Qeyd edək ki, Baltikyanı dövlətlər yalnız Polşa ilə dar “Suwalki dəhlizi” vasitəsilə quru əlaqəsinə malikdir. Litva hakimiyyəti bildirir ki, hərbi əməliyyatlar zamanı bu dəhlizdən mülki avtomobillərin deyil, Polşadan gələcək NATO texnikasının keçidinə üstünlük veriləcək.