Rusiyada azərbaycanlı müəllimə qarşı BÖHTAN KAMPANİYASI
Rusiyanın Yekaterinburq şəhərində yerləşən 157 saylı orta məktəbdə azərbaycanlı müəllim sosial şəbəkələr vasitəsilə böhtana məruz qalıb. Naməlum şəxslər tərəfindən aparılan təxribat xarakterli kampaniyada müəllimin guya Aleksandr Puşkinin əsərləri əvəzinə Quran oxuması, hicab taxması və şagirdləri də buna təşviq etməsi ilə bağlı iddialar yayılıb.
Ajans.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məktəbin direktoru Svetlana Reznikova aparılan daxili araşdırma nəticəsində yayılan məlumatların tamamilə yalan və əsassız olduğunu bildirib.
“Bu əhvalat millətlərarası ədavəti qızışdırmaq məqsədilə uydurulub. Aparılan araşdırma zamanı məlum olub ki, müəllimin adından saxta sosial şəbəkə səhifəsi yaradılıb. Sosial şəbəkələrdə yayılan hicablı fotolar və şagirdlərlə yazışmalar da saxtadır. Məktəb rəhbərliyi məsələ ilə bağlı Təhsil Şöbəsi və Yekaterinburq prokurorluğu ilə əlaqə saxlayıb. İndiyədək məktəbdə hər hansı qanun pozuntusu qeydə alınmayıb və müəllim haqqında həm valideynlər, həm də həmkarları tərəfindən müsbət rəy verilib,” – deyə direktor bildirib.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əlavə araşdırmalar aparılır.