Atakama səhrası nadir yağışlardan sonra çiçəkləndi
Dünyanın ən quraq bölgələrindən biri olan Çilinin Atakama səhrasında nadir yağışlardan sonra çiçəklər açıb.
Ajans.az xəbər verir ki,bu barədə Reuters məlumat yayıb.
Cənub yarımkürəsində yaz mövsümü sentyabrdan noyabradək davam edir və alimlər səhrada bitki örtüyünün görünməsini məhz bu fəsillə əlaqələndirirlər. Lakin Atakamada çiçəklənmə bu dövrdə belə nadir hadisədir – yalnız bir neçə ildən bir və adətən yağışlardan sonra müşahidə olunur.
Çilidəki Andrés Bello Universitetinin bioloqları, xüsusilə bənövşəyi rəngli, “quanako dırnağı” kimi tanınan bitkini qeyd ediblər. Bu bitki sentyabrın sonu və oktyabrın əvvəllərində geniş əraziləri çiçək xalısı ilə örtüb.
Alimlər hesab edirlər ki, sərt səhra şəraitinə davamlılığı ilə seçilən bu bitkinin genetik xüsusiyyətləri iqlim dəyişikliyi dövründə quraqlığa davamlı yeni növlərin yetişdirilməsində mühüm rol oynaya bilər. Hazırda tədqiqatçılar bu ehtimal üzərində işləyirlər.