Donuzdan insana qaraciyər transplantasiya OLUNDU
Çində cərrahlar dünyada ilk dəfə donuz qaraciyərinin insana köçürülməsini həyata keçiriblər. Bu unikal əməliyyat sayəsində 71 yaşlı xəstənin ömrü 171 gün uzadılıb.
Ajans.az xəbər verir ki,məliyyat və onun nəticələri barədə məqalə The Journal of Hepatology jurnalında dərc olunub.
Araşdırmaya əsasən, əməliyyat tibbdə əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir. Həkimlər xəstənin şişlə zədələnmiş qaraciyər hissəsini çıxarıb, qalan sağlam sol paya genetik olaraq dəyişdirilmiş donuz qaraciyərinin bir hissəsini köçürüblər.
Transplantasiya üçün istifadə olunan orqan, insan immun sistemi tərəfindən rədd edilmə riskini azaltmaq və qanın laxtalanmasını yaxşılaşdırmaq məqsədilə on genetik modifikasiyaya məruz qalmış Diannan miniatür donuzundan götürülüb. Xəstə qaraciyər xərçəngi və hepatit B-nin yaratdığı sirozdan əziyyət çəkirdi.
Çin səhiyyə qaydalarına əsasən, sağ qalma ehtimalı az olan xəstələr donor qaraciyər transplantasiyasına uyğun sayılmır. Buna baxmayaraq, əməliyyatdan sonra ilk bir ay ərzində donuz qaraciyəri normal fəaliyyət göstərib — öd ifraz edib və əsas qan laxtalanma zülallarını sintez edib.
Bu, xəstənin öz qaraciyərinin qalan hissəsinin qismən bərpasına imkan yaradıb. Lakin 38-ci gündə xəstənin vəziyyəti trombotik mikroangiopatiya, immun reaksiyalar və damar zədələnməsi ilə əlaqəli fəsadlar nəticəsində pisləşib. Müalicə müvəqqəti sabitlik yaratsa da, sonradan təkrarlanan daxili qanaxma nəticəsində xəstə əməliyyatdan beş ay yarım sonra vəfat edib.
Çinli alimlərin fikrincə, bu təcrübə donuz qaraciyərinin insan orqanizmində həyati funksiyaları müvəqqəti dəstəkləyə biləcəyini sübut edib. Onların sözlərinə görə, bu cür transplantasiyalar gələcəkdə donor orqan çatışmazlığını aradan qaldırmaq və daha çox insanın həyatını xilas etmək üçün yeni imkanlar aça bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il minlərlə insan qaraciyər xəstəliklərindən həyatını itirir. Donor orqan çatışmazlığı səbəbindən çox sayda xəstə müalicə şansı əldə edə bilmir. Təkcə Çində hər il 300 mindən çox insanqaraciyər çatışmazlığından əziyyət çəkir, lakin onların yalnız az bir hissəsi transplantasiya ala bilir. Məsələn, 2022-ci ildəölkədə cəmi 6000 xəstə üçün donor orqan mövcud olub.