Gürcüstanda prezident sarayına basqın edən 13 nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı prezident sarayının ərazisinə daxil olmağa cəhd göstərən 13 nəfərin saxlanıldığını bildirib.
Ajans.az xəbər verir ki,bu barədə "Novosti-Qruziya" agentliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslərin adları yalnız baş hərflərlə təqdim olunub: T.M., A.N., D.J., B.M., A.G., E.Ş., G.R., V.P., D.S., M.M., A.X., K.M. və S.M. Hüquq-mühafizə orqanları istintaqdan yayınan daha iki nəfərin axtarışlarını davam etdirir.
Daxili işlər nazirinin müavini Aleksandr Darxvelidzenin sözlərinə görə, hadisə ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, etiraz aksiyasını təşkil edən komitənin beş üzvü bundan əvvəl hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsinə çağırış, qrup halında zorakılığın təşkili, əmlaka ziyan vurma və strateji obyektin fəaliyyətinə mane olma maddələri ilə həbs edilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, qanunsuz aksiyada iştirak edən şəxslərin saxlanılması məqsədilə ölkə üzrə xüsusi əməliyyat keçirilir. O, əlavə həbslərin də olacağını istisna etməyib və bildirib: "Heç kim altıncı inqilabı etməyə cəsarət etməməlidir".