BMT Əfqanıstanda qadın haqları pozuntularına dair daimi araşdırma başlayır
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası Əfqanıstanda Taliban hakimiyyəti dövründə qadınlara və qızlara qarşı insan haqlarının pozulması ilə bağlı daimi araşdırma mexanizmi yaratmaq barədə razılığa gəlib.
Ajans.az xəbər verir ki,bu barədə Associated Press məlumat yayıb.
Qətnamə heç bir etiraz olmadan qəbul edilib, yalnız Çin razılaşmanı dəstəkləməyib. Yeni mexanizm 2021-ci ildə Talibanın hakimiyyətə qayıdışından sonra baş verən hüquq pozuntularının izlənməsi və sənədləşdirilməsi məqsədi daşıyır. Sənəd həmçinin artıq fəaliyyət göstərən xüsusi məruzəçi – Riçard Bennettin işini gücləndirməyi və gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsi kimi orqanlar üçün dəlil toplamağı nəzərdə tutur.
Xüsusi məruzəçi Bennett daha əvvəl bildirmişdi ki, Taliban qadınlara və qızlara qarşı “zülm maşınına” çevrilmiş hüquq sistemindən istifadə edir. Onun sözlərinə görə, Taliban qadınların hüquqlarını qoruyan qanunları, o cümlədən zorakılıq və məcburi nikahı cinayət sayan hüquqi aktları ləğv edib, yüzlərlə qadın hakimi işdən çıxararaq onların yerinə hüquqi təhsili olmayan şəxsləri təyin edib.
Digər tərəfdən, Çinin Cenevrədəki nümayəndəsi Vanq Nian Talibanın ölkədə sabitliyi və iqtisadi artımı təmin etmək istiqamətində addımlar atdığını, ümumi təhlükəsizlik vəziyyətinin isə sabit olduğunu bildirib.
Yeni araşdırma mexanizminin məqsədi Əfqanıstanda hüquq pozuntularının beynəlxalq səviyyədə sənədləşdirilməsi və məsuliyyətin təmin edilməsidir.