İran: ABŞ-la danışıqları bərpa etməyi planlaşdırmırıq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Tehran indiki mərhələdə ABŞ ilə nüvə danışıqlarını bərpa etməyi planlaşdırmır.
Ajans.az xəbər verir ki,bunu o, bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.
Bəqayi qeyd edib ki, nüvə müzakirələrində iştirak edən üç Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya – E3) son davranışları danışıqların gedişatına mənfi təsir göstərib. O, bu ölkələrin mövqeyini “məsuliyyətsiz və dağıdıcı” adlandırıb və bildirib ki, onlar ABŞ-ın təsiri altında JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı) mübahisələrin həlli mexanizmindən sui-istifadə ediblər.
Nazirlik rəsmisinin sözlərinə görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə müsbət və konstruktiv əməkdaşlıq çərçivəsi qurub. Lakin E3 ölkələri əvvəlcə bu addımı dəstəkləsələr də, sonradan geri çəkiliblər.
Bəqayi vurğulayıb ki, Avropa ölkələrinin davranışı hüquqi çərçivədən daha çox ABŞ-ın tələbləri ilə diktə olunub və onların bu mövqeyi JCPOA çərçivəsində üzərlərinə düşən öhdəliklərə ziddir. İranın bu məsələ ilə bağlı mövqeyi Çin və Rusiya tərəfindən də dəstəklənib. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu addımları "qanunsuz" adlandırıb.
Xatırladaq ki, E3 ölkələri BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsini nəzərdə tutan “snapback” mexanizmini işə salmaq təşəbbüsü ilə çıxış ediblər. İran isə bu addımlara etiraz etdiyini rəsmi şəkildə BMT Katibliyinə çatdırıb.