Netanyahu: Mərvan Barquti HƏMAS razılaşmasına baxmayaraq azad olunmayacaq
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, Fələstinli siyasətçi və Fəth hərəkatının üzvü Mərvan Barquti Qəzza ilə bağlı gözlənilən sülh razılaşması çərçivəsində azad edilməyəcək.
Ajans.az xəbər verir ki,bu barədə “Kanal 12” məlumat yayıb.
Məlumata görə, Netanyahu bu vədi bazar günü milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə görüş zamanı verib. O, “Barqutinin təmsil etdiyi terror simvollarının” danışıqlarda və müqavilənin heç bir mərhələsində yer almayacağını bildirib.
Görüş zamanı Ben-Qvir sülh planının mümkün icrası ilə bağlı bir sıra tələblər irəli sürüb. Hazırda Misirin Şarm əl-Şeyx şəhərində HƏMAS və İsrail nümayəndələri arasında girov mübadiləsi və qoşunların Qəzzadan çıxarılmasına dair dolayı danışıqlar davam edir. Bu müzakirələr ABŞ prezidenti tərəfindən irəli sürülmüş planın ilkin mərhələsi kimi qiymətləndirilir.
Xatırladaq ki, Mərvan Barquti Fələstin müqavimətinin simvol fiqurlarındandır. O, 1987-ci ildə Birinci İntifadaya, 2000-ci ildə isə İkinci İntifadaya rəhbərlik edib. 2002-ci ildə həbs olunub və İsrail məhkəməsi onu beş ömürlük və əlavə 40 il həbs cəzasına məhkum edib.