İsrail və HƏMAS rəsmiləri Qəzza üzrə Misirdə görüşürlər
İsrail və HƏMAS rəsmiləri ABŞ-ın Qəzza ilə bağlı irəli sürdüyü sülh planını müzakirə etmək üçün Misirin Şarm əl-Şeyx şəhərində dolayı danışıqlara başlayıblar.
Ajans.az xəbər verir ki,görüşdə atəşkəsin ilk mərhələsi, İsrail qüvvələrinin qismən çıxarılması və girov-fələstinli məhbus mübadiləsi məsələləri əsas müzakirə mövzularıdır.
HƏMAS-ın məlumatına görə, razılaşmaya əsasən, hərəkat üç gün ərzində təxminən 20-si sağ olduğu güman edilən 48 israilli girovu azad etməlidir. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və sabiq prezident Donald Trampın kürəkəni Cared Kuşnerin də danışıqlara qatılacağı gözlənilir.
Danışıqlar HƏMAS-ın ABŞ-ın təklif etdiyi sülh planının bəzi maddələrini qəbul etməsindən sonra intensivləşib. İsrail tərəfi də Vaşinqtonun yeni təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Xatırladaq ki, 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın silahlıları İsrailə hücum edərək 1200-dən çox mülki şəxsi öldürüb, 251 nəfəri girov götürmüşdü. Girovların əksəriyyəti sonrakı atəşkəs razılaşmaları çərçivəsində azad edilib.
Qəzzadakı HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi bildirir ki, indiyədək münaqişə nəticəsində bölgədə 67 139 nəfər fələstinli həlak olub. Onların təxminən yarısının qadın və uşaqlar olduğu qeyd edilir. BMT və müstəqil müşahidəçilər bu rəqəmləri əsaslı hesab edirlər.