ABŞ hökumətinin bağlanması həftələrlə davam edə bilər
ABŞ-da federal hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması artıq ikinci həftəsinə daxil olub. Analitiklər xəbərdarlıq edirlər ki, Demokratlar və Respublikaçılar arasında büdcə ilə bağlı artan qarşıdurma hökumətin bağlanmasını uzunmüddətli böhrana çevirə bilər.
Ajans.az xəbər verir ki,bu barədə AFP məlumat yayıb.
Hazırda federal agentliklərin əksəriyyəti iflic vəziyyətindədir, və hər iki siyasi tərəf güzəştə getməkdən imtina edir.
Senator Çak Şumerin keçmiş mətbuat katibi Endryu Konieczuski bildirib:
"Bağlanmanın günlərlə deyil, həftələrlə davam etməsi tamamilə mümkündür. Hazırda hər iki tərəf inadkarlıq nümayiş etdirir və kompromisə meyl göstərilmir."
Siyasi böhranın əsas səbəbi Demokratların azgəlirli amerikalılar üçün səhiyyə subsidiyalarının uzadılması tələbidir. Əgər subsidiyalar başa çatarsa, milyonlarla insan üçün səhiyyə xərcləri kəskin şəkildə arta bilər.
Prezident Donald Tramp bazar günü verdiyi açıqlamada Demokratları büdcəni bloklamaqda ittiham edərək,
"Bu vəziyyətə onlar səbəb olurlar və biz irəliləməyə hazırıq" – deyə bildirmişdi.
O, əlavə edib ki, artıq administrasiya federal işçiləri məzuniyyətə buraxmaqla kifayətlənməyərək işdən çıxarmağa da başlayıb və yaranmış vəziyyətə görə Demokratları məsuliyyət daşıyan tərəf kimi göstərib.
2018–2019-cu illərdə yaşanan ən uzunmüddətli hökumət bağlanması 5 həftə davam etmişdi. Politologiya professoru Ceyms Drukman hesab edir ki, hazırkı bağlanma o dövrlə müqayisə oluna bilər:
"Tramp administrasiyası özünü qeyri-məhdud mandata malik hesab edir və adətən güzəştə getməkdən imtina edir."
Bağlanmanın iqtisadi nəticələri də narahatlıq doğurur. 2018–2019-cu illərdəki bağlanmanın ABŞ iqtisadiyyatına 11 milyard dollara başa gəldiyi, bu vəsaitin 3 milyard dollarının isə bərpa olunmadığı qeyd olunur. ABŞ Maliyyə naziri Scott Bessent də ÜDM artımına təhlükə barədə xəbərdarlıq edib.
Bəzi analitiklər bağlanmanın uzun çəkməyəcəyini düşünür. Hogan Lovells hüquq şirkətinin eksperti Aaron Cutler hesab edir ki, böhran 12 gündən çox davam etməyəcək:
"Senatın Demokratları ilk geri çəkilən tərəf ola bilər. Bağlanma davam etdikcə dinləmələr dayandırılır, agentliklər fəaliyyət göstərmir. Bu bəzi Demokratlar üçün siyasi cəhətdən əlverişli olsa da, məsuliyyəti üzərlərinə götürmək istəmirlər."
Bununla belə, bəzi ekspertlər oktyabrın sonuna qədər müvəqqəti razılaşmanın əldə olunacağına ümid edir. Əgər böhran iki aydan çox davam etsə, bu, federal hökumətin fəaliyyətinə ciddi zərbə vura, həmçinin milli və daxili təhlükəsizliyə təsir göstərə bilər.