Reklam resmi
Reklam resmi

Litva Rusiya təhlükəsinə qarşı əhalini hazırlayır

Litva Rusiya təhlükəsinə qarşı əhalini hazırlayır
Dünya

Rusiya ilə mümkün hərbi qarşıdurma qorxuları fonunda Litva hakimiyyəti vətəndaşlara bomba sığınacaqları hazırlamağı tövsiyə edib. Baltikyanı ölkə artıq bir ildən çoxdur ki, Belarus və Rusiya ilə sərhəddə yerləşməsinin yaratdığı təhlükələri nəzərə alaraq əhaliyə fövqəladə vəziyyətlərə hazır olma çağırışları edir.

Ajans.az Litva hökümətinə istinadən xəbər verir ki, hazırda ölkədə təxminən 6 453 sığınacaq mövcuddur ki, bu da təxminən 1,5 milyon insanı — yəni əhalinin 54 faizini əhatə edə bilər. Paytaxt Vilnüsdə bir çox binaların zirzəmiləri sığınacaqlara çevrilib.

Bina meneceri Vidas Magnavičius bildirib ki, sakinlər özlərini təhlükəsiz hiss etmək və müharibə halında azı bir neçə gün müdafiədə qalmaq istəyirlər:

“Biz razılaşdıq ki, ən pis ssenariyə hazır olmalıyıq.”

Rusiya Prezidenti Vladimir Putinin son günlərdə verdiyi sərt açıqlamalar vəziyyəti daha da gərginləşdirib. O, Soçidə keçirilən Valday Diskussiya Klubunda çıxışı zamanı bildirib ki, Moskva təxribat halında dərhal cavab verəcək:

“Rusiyanın əks tədbirləri çox gözləməyəcək. Kim bizimlə rəqabət aparmaq istəyirsə, buyursun, sınaqdan keçirsin.”

Putin, həmçinin Avropa elitasını "isteriyanı qızışdırmaqda" ittiham edərək, Qərbdə “ruslarla müharibənin astanasında olunduğu” fikrinin məqsədli şəkildə yayıldığını bildirib.

Hökumətin çağırışlarına baxmayaraq, bəzi ekspertlər Litvadakı mövcud sığınacaqların bir çoxunun köhnəlmiş, kiçik və ya kağız üzərində mövcud olduğunu bildirirlər. Bələdiyyələrin yarıdan çoxu infrastruktur çatışmazlığı ilə üzləşib.

Vilnüs şəhər şurası yaxın dövrdə 32 sığınacaq ərazisinin təkmilləşdiriləcəyini və fövqəladə hal zamanı 12 saat ərzində istifadəyə hazır olacağını açıqlayıb. Daxili İşlər Nazirliyi isə sığınacaq sistemini gücləndirmək üçün milyonlarla avro dəyərində mülki müdafiə proqramına start verib.

Yanğın və Xilasetmə Xidmətinin nümayəndəsi Donatas Gurevičius bildirib:

“Müharibə ilə bağlı danışaraq insanları narahat etmək doğru olmaz, lakin bu mürəkkəb məsələyə ağıllı yanaşma ilə hazırlaşmaq vacibdir.”

O, əlavə edib ki, yeni tikilən yaşayış və ictimai binalar artıq bomba sığınacaqları ilə təchiz olunmalıdır – bu, Finlandiya və İsveçrə kimi ölkələrin illərdir tətbiq etdiyi yanaşmadır.

2,9 milyon əhalisi olan keçmiş Sovet respublikası Litva, hazırda həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür. Rəsmi Vilnüs artıq müharibə halında əhalinin evakuasiya və müdafiəsi ilə bağlı planları təsdiqləyib. Həssas qruplar təhlükəsiz ərazilərə köçürüləcək, hərbi xidmətə yararlı şəxslər isə ordunun ehtiyat qüvvələrinə cəlb olunacaqlar.

Hökumət əlavə olaraq interaktiv sığınacaq xəritəsi istifadəyə verib və əhaliyə fövqəladə vəziyyətdə ilk 72 saatı necə keçirməli olduqlarını izah edən yaşama bələdçisi yayımlayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Litva Rusiya

Digər Xəbərlər