Trampın mitinqində iştirak edən reper 5 il həbs cəzası aldı
Keçən il ABŞ-da keçirilən seçki kampaniyası zamanı prezident Donald Trampla birgə səhnəyə çıxan Nyu-Yorklu reper Sheff G (əsl adı Maykl Uilyams) adam öldürməyə cəhd və sui-qəsddə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,o, həbsdən azad edildikdən sonra əlavə olaraq 5 il nəzarət altında azadlıqda qalacaq.
Brooklyn dairə prokuroru Erik Qonzales reperin cəza almasını belə şərh edib:
“Bu şəxs istedad və imkanlara malik idi, lakin daha yaxşı gələcək qurmaq əvəzinə, bu resurslardan zorakılığı alovlandırmaq üçün istifadə etdi.”
27 yaşlı reperin adı, mahnıları və klipləri YouTube və Spotify kimi platformalarda milyonlarla baxış toplayıb. Lakin o, Bruklində fəaliyyət göstərən və “8 Trey Crips” dəstəsinin qolu olan “9 Ways” adlı küçə dəstəsinin üzvləri ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunanlar sırasında idi.
Prokurorlar Sheff G-yə qarşı 20 il həbs cəzası tələb etsələr də, reperin günahını etiraf etməsi və məhkəmə ilə razılaşması nəticəsində cəzası yüngülləşdirilib.
Xatırladaq ki, Sheff G 2024-cü ilin mayında Bruklində keçirilən mitinqdə Donald Trampla birlikdə səhnəyə çıxmışdı. Həmin vaxt onun barəsində zorakılıq və qanunsuz fəaliyyətlərə dair iddialar artıq ictimaiyyətə məlum idi.
Məhkəmədə bildirilib ki, Sheff G musiqi fəaliyyətindən əldə etdiyi gəlirləri dəstə zorakılığını maliyyələşdirmək üçün istifadə edib.
Eyni istintaq çərçivəsində Trampın mitinqində səhnəyə çıxan daha bir reper – Sleepy Hallow (əsl adı Tegan Chambers) da sui-qəsddə iştirak ittihamı üzrə 1 il həbs cəzasına məhkum edilib.
Hazırda “9 Ways” dəstəsinin 30-dan çox üzvü müxtəlif cinayət işləri üzrə mühakimə olunur. Onlardan 23 nəfər artıq təqsirli bilinib, 7 iş üzrə isə proseslər davam edir.