“Nirvana”nın məşhur albomu ilə bağlı məhkəmə işini körpə uduzub
“Nirvana” qrupunun 1991-ci ildə çıxan klassik “Nevermind” albomunun üz qabığında körpə şəkli ilə yer alan Spenser Elden, qrup və fotoqrafa qarşı qaldırdığı məhkəmə iddiasında növbəti dəfə məğlub olub.
Ajans.az BBC-ə istinadən xəbər verir ki, albomun üz qabığında onun çılpaq şəkildə təsvir olunması uşaq pornoqrafiyasının yayılmasıdır və bu görüntü onun şəxsi məxfiliyini pozaraq kommersiya məqsədilə istismar edilib.
Lakin məhkəmə bu iddianı rədd edib. Hakim Fernando Olguin qərarında bildirib ki, albomun üz qabığında “nə poza, nə diqqət mərkəzi, nə məkan, nə də ümumi kontekst uşaq pornoqrafiyasına uyğun gəlmir”.
“Bu şəkil adi ailə çimərlik fotosuna bənzəyir və uşaq pornoqrafiyasına dair heç bir hüquqi əsas yaratmır,” – deyə hakim əlavə edib.
Hakim həmçinin qeyd edib ki, fotosessiya zamanı Eldenin valideynləri iştirak edib, fotoqraf ailənin tanışı olub və Elden sonradan bu məşhur albomun üz qabığında yer almasından ictimai və maddi fayda da əldə edib.
Elden bu işi ilk dəfə 2021-ci ildə qaldırmış, lakin 10 illik hüquqi məhdudiyyət müddəti keçdiyi üçün 2022-ci ildə rədd edilmişdi. Daha sonra apellyasiya məhkəməsi işi yenidən baxılması üçün geri göndərsə də, son qərar yenə də Eldenin əleyhinə olub.
Eldenin hüquq komandası qərarla “hörmətlə razı olmadıqlarını” bildirərək apellyasiya şikayəti verməyə hazırlaşdıqlarını açıqlayıb.
James R. Marsh (Marsh Hüquq Firması) "Rolling Stone" jurnalına bildirib:
“Əyləncə sənayesi uşaq razılığı, məxfiliyi və ləyaqətindən üstün tutulduğu müddətcə, biz bu məsələdə məlumatlılıq və ədalət axtarışımızı davam etdirəcəyik.”