İran casusluğa görə cəzaları sərtləşdirən qanunu qəbul edib
İranda casusluq fəaliyyətlərinə qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanun qüvvəyə minib.
Ajans.az xəbər verir ki,bu barədə Mehr agentliyi İranın Keşikçilər Şurasının sözçüsü Hadi Tahan Nazifə istinadla məlumat yayıb.
Nazifin sözlərinə görə, qanun layihəsi əvvəlcə bəzi hüquqi qeyri-müəyyənliklər və konstitusiya ilə bağlı narahatlıqlara görə parlamentdə yenidən nəzərdən keçirilib və daha sonra təsdiq üçün Keşikçilər Şurasına təqdim olunub.
O bildirib ki, Şura qanun layihəsinin nə İslam şəriəti prinsiplərinə, nə də İran Konstitusiyasının müddəalarına zidd olduğunu müəyyən etməyib və bununla da qanunun qüvvəyə minməsinə yaşıl işıq yandırılıb.
Yeni qanun İsrail və digər "düşmən hökumətlər" adlandırılan dövlətlərlə casusluq edən və ya onlarla əməkdaşlıq edən şəxslər üçün daha sərt cəza tədbirləri nəzərdə tutur. Lakin konkret cəza tədbirləri və ya mexanizmlərlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, İran son illərdə casusluq fəaliyyətlərinə və xarici dövlətlərlə gizli əməkdaşlığa qarşı mübarizəni gücləndirib və bu kimi halları milli təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirir.