Reklam resmi
Reklam resmi

Taliban ümummilli internet qadağası ilə bağlı iddiaları təkzib etdi

Taliban ümummilli internet qadağası ilə bağlı iddiaları təkzib etdi
Dünya

Əfqanıstandakı Taliban hökuməti ölkə üzrə internetə ümummilli qadağa qoyulması ilə bağlı yayılan məlumatları təkzib edib.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,rəsmilər internetin kəsilməsini köhnəlmiş fiber optik infrastrukturun yenilənməsi ilə izah ediblər.

Bu, rabitə fasilələrinin bank, ticarət və aviasiya sahələrində ciddi pozuntulara səbəb olmasından sonra Taliban tərəfindən verilən ilk rəsmi açıqlamadır.

Bəzi əyalətlər ötən ay internetin Taliban lideri Hibatullah Axundzadənin “əxlaqsızlıqla mübarizə” fərmanı ilə əlaqəli olaraq qismən bağlandığını təsdiqləmişdi.

Talibanın baş sözçüsü Zabihullah Mücahid X sosial media platformasında yaydığı açıqlamada bildirib ki, “internetə qadağa qoyulduğu barədə yayılan şayiələr həqiqəti əks etdirmir”. Onun sözlərinə görə, hazırda ölkə miqyasında müşahidə olunan rabitə problemləri "çürümüş fiber optik kabellərin dəyişdirilməsi" ilə bağlıdır. Lakin xidmətlərin nə vaxt bərpa olunacağı barədə konkret məlumat verilməyib.

İnternetin kəsilməsi təkcə texniki deyil, həm də insani fəsadlara yol açıb. 2022-ci ildə Əfqanıstandan Niderlanda köç edən Maruf Nəbizadə Associated Press-ə bildirib ki, son üç gündə ailəsi ilə əlaqə yarada bilmədiyi üçün ciddi narahatlıq keçirir.

“Sevdiklərinizdən xəbər ala bilməyəndə onların vəziyyəti ilə bağlı daim narahatlıq keçirirsiniz. Dünən gecə həyat yoldaşım anası və bacısı ilə danışa bilmədiyi üçün ağladı,” – deyə o bildirib.

Nəbizadənin sözlərinə görə, internet onların ailə ilə yeganə ünsiyyət vasitəsi olub və bu imkanın itirilməsi onları dərin narahatlığa salıb.

İnternet təhlili aparan NetBlocks təşkilatı ölkədə, o cümlədən paytaxt Kabildə internet bağlantısının kəskin şəkildə zəiflədiyini və telefon xidmətlərinə də təsir etdiyini qeyd edib.

Əfqanıstanın özəl aviadaşıyıcısı Kam Air isə yerli TOLO News telekanalına bildirib ki, əlaqə problemlərinə görə bazar ertəsindən bəri uçuşlarını dayandırıb və yalnız çərşənbə günü axşamdan sonra bərpa edə bilib.

İnternetin kəsilməsi yardım təşkilatlarının fəaliyyətinə də ciddi zərbə vurub. Save the Children təşkilatı yaydığı bəyanatda qeyd edib ki, davamlı kommunikasiya "həyat xilasedici yardımın göstərilməsi və koordinasiya üçün vacibdir" və əlaqənin bərpası üçün təcili tədbirlər görülməlidir.

Hazırda Əfqanıstanda internetin tam bərpası ilə bağlı dəqiq tarix verilməsə də, hökumətin bu mövzu ilə bağlı rəsmi mövqe nümayiş etdirməsi beynəlxalq ictimaiyyətin diqqətində qalır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Taliban Əfqanıstan

Digər Xəbərlər