Hindistanda insan yeyən canavar 6 nəfəri parçalayıb
Hindistanın Uttar Pradeş ştatında insanlara hücum edən və "insan yeyən" adlandırılan bir vəhşi canavar altı nəfəri, o cümlədən dörd uşaq və yaşlı cütlüyü parçalayaraq öldürüb. Hücumlar nəticəsində azı 20 kənd sakini müxtəlif dərəcəli xəsarətlər alıb.
Ajans.az Hindustan Times-a istinadən xəbər verir ki, hücumlar sentyabrın 9-dan 30-a qədər Mjara-Taukli qram pançayatına daxil olan kəndlərdə baş verib. İtkin düşən uşaqlardan birinin nə cəsədi, nə də geyim əşyaları tapılıb.
Hadisələrlə əlaqədar bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib. Əməliyyatlara 21 axtarış qrupu və digər müvafiq qurumlar cəlb olunub. Eyni zamanda, yerli əhali arasında təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə işləri aparılıb.
Rayon meşə idarəsinin zabiti Ram Sinq Yadavın verdiyi məlumata görə, vəhşi heyvan sentyabrın 29-da, bazar günü səhər meşə əməkdaşlarının müdaxiləsi nəticəsində öldürülüb. Bildirilir ki, uşaqları qorumağa çalışan meşə işçiləri canavarın hücumunun qarşısını almaq üçün atəş açıblar. Heyvan daha sonra yaxınlıqdakı şəkər qamışı sahəsinə qaçıb və dron vasitəsilə aparılan axtarış nəticəsində yerinə müəyyən olunub.
Canavar həmin gün axşam ölü tapılıb və cəsədi qaydalara uyğun olaraq tibbi ekspertizadan (nekropsiya) sonra utilizasiya edilib.
Məlumatlara görə, bu canavar sentyabr ayının əvvəllərindən etibarən Mjara-Taukli və ətraf kəndlərdə görünüb və bir neçə kəndə qorxu saçıb.