Cənubi Afrikanın Fransadakı səfiri Parisdə ölü tapılıb
Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinathi Emmanuel Mthethwa Paris şəhərində ölü tapılıb.
Ajans.az xəbər verir ki,bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.
Fransa paytaxtının prokurorluğu diplomatın 58 yaşında vəfat etdiyini təsdiqləyib. Onun cəsədi Paris şəhərinin qərbində, Porte Maillot rayonunda yerləşən Hyatt otelinin yaxınlığında aşkarlanıb.
Hadisə ilə bağlı ilkin məlumatlara əsasən, səfirin intihar etmiş ola biləcəyi ehtimal olunur.
Paris prokurorluğunun açıqlamasına görə, səfirin yoxa çıxması barədə ilk olaraq onun həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib. O, diplomatdan "narahatedici məzmunlu mesaj" aldığını bildirib və dərhal hərəkətə keçilib.
Hadisə ilə bağlı istintaq aparılır. Hazırda intihar versiyası əsas ehtimallardan biri kimi araşdırılır, lakin ölümün dəqiq səbəbi ekspertiza və istintaqın nəticələrindən sonra bəlli olacaq.
Cənubi Afrika Respublikası Xarici İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.