Madaqaskar prezidenti etirazlardan sonra hökuməti buraxdı
Madaqaskar prezidenti Andri Rajoelina, ölkədə genclərin başçılıq etdiyi genişmiqyaslı etiraz aksiyalarından sonra hökmətini buraxdığını elan edib.
Ajans.az xəbər verir ki,bu barədə o, bazar ertəsi axşamı dövlət televiziyasında etdiyi çıxışda bildirib.
“Hökumət üzvləri onlara verilən tapşırıqları yerinə yetirmədilər. Bu səbəbdən xalqdan üzr istəyirəm”, – deyə Rajoelina vurğulayıb.
Etirazlar son günlərdə minlərlə gəncin “Biz sağ qalmaq deyil, yaşamaq istəyirik” şüarı ilə küçələrə çıxması ilə başlayıb. Aksiya iştirakçıları əsasən uzun müddətdir davam edən su və elektrik enerjisi kəsintilərinə qarşı narazılıqlarını bildiriblər.
Etirazlar əvvəlcə paytaxt Antananarivoda başlayıb, daha sonra ölkənin səkkiz şəhərinə yayılıb. Bəzi bölgələrdə zorakılıq və qarət halları qeydə alınıb, bununla əlaqədar axşamdan səhərə qədər komendant saatı tətbiq olunub. Polis kütlələri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, etirazların dağıdılması zamanı təhlükəsizlik qüvvələrinin "lazımsız və qeyri-mütənasib güc" tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, ən azı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Ölənlər arasında etirazçılarla yanaşı, hadisələrlə əlaqəsi olmayan mülki şəxslər də var.
Türk bildirib ki, o, etirazçılara qarşı canlı güllələrin, döyülmələrin və özbaşına həbslərin şahidi olub. O, bütün saxlanılan etirazçıların dərhal azad edilməsinə çağırıb.
Bununla belə, Madaqaskarın Xarici İşlər Nazirliyi BMT-nin rəqəmlərini “şayiələrə və yanlış məlumatlara əsaslanan” məlumat kimi rədd edib.
Andri Rajoelina çıxışında bildirib ki, baş nazir və hökumət üzvlərinin səlahiyyətlərinə xitam verilib. O əlavə edib ki, yeni baş nazirin seçilməsi üçün müraciətlər 3 gün ərzində qəbul ediləcək, lakin hazırkı nazirlər yeni kabinet formalaşana qədər müvəqqəti olaraq vəzifələrində qalacaqlar.
“Mən gənclərin qəzəbini başa düşürəm və onlarla dialoq aparmaq istəyirəm”, – deyə prezident bildirib.
Qeyd edək ki, etirazçılar təkcə enerji naziri deyil, prezidentin özü və onun bütün hökumətinin istefasını tələb edirlər.
Madaqaskar 1960-cı ildə müstəqillik qazandıqdan sonra bir sıra siyasi böhranlar yaşayıb. 2009-cu ildə keçirilən kütləvi etirazlar nəticəsində prezident Mark Ravalomanana istefa verib və hakimiyyətə məhz Andri Rajoelina gəlib.
Son etirazlar isə, Rajoelinanın 2023-cü ildə üçüncü dəfə prezident seçilməsindən sonra üzləşdiyi ən ciddi ictimai-siyasi təzyiq kimi qiymətləndirilir.