YouTube Trampın hesabının bloklanmasına görə 24,5 milyon dollar ödəyəcək
Google-un sahibi olduğu YouTube, prezident Donald Trampın 2021-ci il yanvarın 6-da Kapitoli binasına hücumdan sonra platformadakı hesabını bloklaması ilə bağlı qaldırılan məhkəmə iddiasını həll etmək üçün 24,5 milyon dollar ödəməyə razılaşıb. Bu, Trampın sosial media nəhənglərinə qarşı açdığı bir neçə iddia arasında ən son nəticələnənlərdən biridir.
Ajans.az xəbər verir ki,bazar ertəsi Kaliforniya ştatının Oklend şəhərində təqdim olunan məhkəmə sənədlərinə əsasən, bu məbləğin 22 milyon dolları Tramp tərəfindən Trust for the National Mall-a və Ağ Evdə bal zalının tikintisinə ianə ediləcək. Qalan 2,5 milyon dollar isə işdə adı keçən digər tərəflərə – o cümlədən yazıçı Naomi Volf və Amerika Mühafizəkarlar İttifaqına çatacaq.
Bu, texnologiya nəhənglərinin Trampın məhkəmə iddialarını həll etmək üçün ödədiyi ilk böyük məbləğ deyil. Tramp daha əvvəl Meta (Facebook-un sahibi) və Twitter (indiki "X") şirkətlərinə qarşı da oxşar iddialar qaldırmışdı. Meta, Trampın 2021-ci ildə Facebook hesabının bloklanması ilə bağlı iddianı həll etmək üçün 25 milyon dollar ödəməyə razılaşmışdı. X isə Trampın 10 milyon dollarlıq iddiasını razılaşma ilə nəticələndirmişdi.
Texnologiya və hüquq ekspertləri Trampın bu iddialarda hüquqi üstünlük əldə etmək şansının az olduğunu əvvəlcədən proqnozlaşdırmışdılar.
Trampın YouTube hesabı 2023-cü ildə bərpa edilib. Lakin razılaşmada qeyd olunub ki, bu barışıq Google və ya Alphabet tərəfindən məsuliyyətin etirafı kimi qiymətləndirilməməlidir. Google razılaşmanı təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.
Alphabet-in – Google-un ana şirkətinin – bazar dəyəri hazırda təxminən 3 trilyon dollar təşkil edir. Trampın Ağ Evə qayıdışından sonra şirkətin dəyəri təxminən 600 milyard dollar və ya 25% artıb.
Məhkəmə razılaşmasının açıqlanması, ABŞ-ın Dairə Hakimi Yvonne Gonzalez-Rogers tərəfindən 6 oktyabrda keçirilməsi planlaşdırılan dinləmədən cəmi bir həftə əvvələ təsadüf edib.