Reklam resmi
Reklam resmi

Danimarka pilotsuz uçuşlara tam qadağa qoydu

Danimarka pilotsuz uçuşlara tam qadağa qoydu
Dünya

Danimarka bu həftə Kopenhagendə keçiriləcək Avropa İttifaqı sammiti ərəfəsində ölkə ərazisində bütün mülki pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini müvəqqəti olaraq qadağan edib.

Ajans.az xəbər verir ki,bu barədə bazar günü ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, bu qərar polis orqanlarının təhlükəsizlik tədbirlərini sadələşdirmək məqsədilə qəbul olunub. Rəsmi bəyanatda vurğulanıb ki, "qeyri-müəyyənlik və pozuntu yarada biləcək xarici dronlar qəbulolunmazdır".

Son həftələrdə Danimarka da daxil olmaqla bir sıra Avropa ölkələrində naməlum dronların uçuşları qeydə alınıb. Şənbə günü Danimarka ərazisində yerləşən bir neçə hərbi obyekt üzərində pilotsuz uçuş aparatlarının müşahidə olunması əlavə narahatlığa səbəb olub.

Bu insidentlər fonunda Aİ-yə üzv 10 ölkənin müdafiə nazirləri ortaq “dron divarı” yaratmaq barədə razılığa gəliblər. NATO isə Baltikyanı ölkələrdə sayğılılıq səviyyəsini artırdığını açıqlayıb.

Danimarka Nəqliyyat Nazirliyi bildirib ki, qadağa oktyabrın 3-dək qüvvədə olacaq, və bu müddət ərzində qaydaları pozanlar cərimə və ya iki ilədək həbs cəzası ilə üzləşə bilərlər.

Hazırda Aİ Şurasına sədrlik edən Danimarka sammit zamanı təhlükəsizliyin maksimum səviyyədə təmin olunacağını qeyd edib. Rəsmilər əlavə ediblər ki, polis bu günlərdə "əhəmiyyətli dərəcədə artırılmış həyəcan siqnalı" rejimində fəaliyyət göstərir.

Sentyabrın 22-dən bəri Danimarkada qeydə alınan naməlum pilotsuz uçuşlar Kopenhagen və Oslo hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub. Eyni səbəbdən keçən həftə Aalborg və Billund hava limanları da fəaliyyətini dayandırmalı olub.

Hazırda dron insidentləri ilə bağlı rəsmi istintaq davam edir. Müdafiə naziri baş verənləri “sistemli əməliyyatın tərkib hissəsi olan hibrid hücum” kimi qiymətləndirib. Baş nazir Mette Frederiksen bildirib ki, məsul tərəfin kimliyi hələ müəyyən edilməyib, lakin Rusiyanın əli ola biləcəyini istisna etməyib.

Moskva isə bu iddiaları “qəti şəkildə rədd etdiyini” bəyan edib.

Dron insidentləri təkcə Danimarka ilə məhdudlaşmır. Norveçdə Bronnoysund hava limanı üzərində pilotsuz uçuş qeydə alınıb. Ölkənin ən böyük hərbi bazası yaxınlığında da oxşar müşahidələr araşdırılır. Rumıniyada isə Türk Hava Yollarına məxsus təyyarənin pilotları tərəfindən hava məkanında dron göründüyü bildirilib və uçuş marşrutları dəyişdirilib.

Qeyd edək ki, Rumıniya bu ay hava hücumlarına qarşı tədbirləri sərtləşdirən yeni qanun qəbul edib. Yeni qanun çərçivəsində hava qüvvələrinin pilotları naməlum uçuş aparatlarını zərərsizləşdirmək səlahiyyəti əldə ediblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Danimarka Avropa İttifaqı

Digər Xəbərlər