İndoneziyada 1000-dən çox məktəbli pulsuz nahardan zəhərləndi
İndoneziyada məktəblilər üçün nəzərdə tutulan dövlət proqramı çərçivəsində pulsuz təqdim edilən nahardan sonra minlərlə uşaq zəhərlənib.
Ajans.az xəbər verir ki, bu həftə yalnız Qərbi Yava əyalətində 1171 uşaq qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya müraciət edib.
Prezident Prabowo Subiantonun təşəbbüsü ilə həyata keçirilən və təxminən 80 milyon məktəblini əhatə etməli olan çoxmilyardlıq proqram artıq bir neçə zəhərlənmə hadisəsi ilə gündəmə gəlib.
Dövlət rəsmiləri bəzi bölgələrdə pulsuz naharların hazırlanmasında ciddi texniki və sanitar pozuntulara yol verildiyini bildiriblər. Qida rasionuna toyuq, tərəvəz, tofu və meyvələr daxil olsa da, bəzi hallarda vaxtı keçmiş souslar və hətta qızardılmış köpəkbalığı verildiyi də qeyd olunur.
İndoneziyanın Milli Qidalanma Agentliyi, son zəhərlənmənin Qidalanma Təminatı Xidməti Birliyinin (SPPG) texniki səhvi nəticəsində baş verdiyini açıqlayıb və təşkilatın həmin bölgədəki fəaliyyəti dayandırılıb.
Yanvar-sentyabr ayları ərzində ümumilikdə 4700-dən çox zəhərlənmə hadisəsi qeydə alınıb. Qeyri-hökumət təşkilatları isə bu rəqəmin 6450-ni keçdiyini bildirir və vəziyyətin “epidemiya” kimi qiymətləndirilməsini tələb edirlər.
Təhsil hüquqları üzrə QHT-lər hökuməti proqramı müvəqqəti dayandırmağa və təhlükəsizlik standartlarını yenidən nəzərdən keçirməyə çağırır. Alternativ olaraq, bəzi ekspertlər vəsaitin birbaşa valideynlərə verilməsi təklifini irəli sürüblər. Lakin bu təklif hələlik rədd edilib.