Rusiyada xokkeyçi oyun zamanı dünyasını dəyişib
Moskvada “Lyublino” həvəskar xokkey komandasının oyunçusu Vasili Kartaşov Gecə Xokkey Liqasının “Ümid Liqası” regional mərhələsi zamanı oyun zamanı qəflətən vəfat edib. Qarşılaşma “Belye Medvedi ER” komandası ilə keçirilirdi.
Ajans.az xəbər verir ki,oyun zamanı Kartaşov buz üzərində xəstələnərək huşunu itirib. Hakimlər dərhal oyunu dayandıraraq təcili tibbi yardım və daha sonra ixtisaslaşmış reanimasiya briqadası çağırıblar. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələlik məlum deyil.
2016-cı ildən “Lyublino”da oynayan Kartaşov komandanın təcrübəli üzvlərindən biri idi. Liqa rəhbərliyi və digər komandalar idmançının xatirəsinə ehtiramını bildirərək ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 2023-cü ildə də Moskvada həvəskar xokkeyçi Mixail Yançişin oyun zamanı vəfat etmişdi. O, “Armata” və “Favorit” komandaları arasında keçirilən oyunda huşunu itirmiş, həmin gün arenada növbətçi həkimlərin olmadığı bildirilmişdi.