Avropa hava limanlarında kiberhücum: Uçuşlar ləğv edildi
Avropanın bir neçə hava limanı genişmiqyaslı kiberhücum nəticəsində uçuşların gecikməsi və ləğvi ilə üzləşib.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, check-in və təyyarəyə minmə (boarding) sistemlərinin provayderinə qarşı həyata keçirilən kiberhücum Brüssel, Berlin və Londonun Hitrou hava limanlarında aviasiya əməliyyatlarını iflic edib.
Brüssel Hava Limanından verilən açıqlamada qeyd olunur ki, hücum avtomatlaşdırılmış sistemləri sıradan çıxarıb, nəticədə yalnız əl ilə qeydiyyat və təyyarəyə minməyə icazə verilib:
“Bu, uçuş cədvəllərinə əhəmiyyətli dərəcədə təsir edir və təəssüf ki, uçuşların gecikməsi və ləğvi ilə nəticələnəcək”, – deyə operatorun saytında yayımlanan bəyanatda bildirilir.
Xidmət provayderi problemin aradan qaldırılması üzərində fəal şəkildə çalışdığını bildirib.
Brüssel hava limanı şənbə günü uçuşu olan sərnişinlərə hava limanına yollanmamışdan əvvəl səyahət detalları barədə aviaşirkətlə əlaqə saxlamalarını tövsiyə edib.
Benzər texniki problem Berlin Hava Limanında da yaşanıb. Rəsmi açıqlamada deyilir:
“Avropada fəaliyyət göstərən sistem provayderi ilə bağlı texniki problemə görə, qeydiyyat zamanı gözləmə müddətləri artıb. Biz problemi tez bir zamanda həll etmək üçün çalışırıq.”
Hadisənin cybersecurity (kiber təhlükəsizlik) sahəsində ciddi təhlil və reaksiya tələb etdiyi bildirilir. Hücumun arxasında kimin dayandığı hələlik məlum deyil.