Donald Trampın Böyük Britaniyaya dövlət səfəri başladı
ABŞ prezidenti Donald Tramp çərşənbə günü Böyük Britaniyaya rəsmi dövlət səfərinə başlayıb. Səfər çərçivəsində London və Vaşinqton, Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Qərb ittifaqının gələcəyi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, çoxmilyardlıq texnoloji razılaşma və trans-Atlantik əlaqələrin güclü qalması mesajını verməyə çalışacaq.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,Böyük Britaniyaya dövlət səfərləri 21-ci əsrin diplomatiyasını kral sarayının təntənəli protokol qaydaları ilə birləşdirir. Trampın iki günlük səfəri də istisna deyil. Proqrama at arabaları, hərbi fəxri qarovullar və Vindzor qəsrində keçiriləcək rəsmi ziyafət daxildir. Bu mərasimlər qızıl və təmtərağı sevən Tramp üçün xüsusi hazırlanıb.
Çərşənbə günü Tramp Kral III Çarlz tərəfindən Vindzor qəsrində qəbul olunacaq. Ertəsi gün isə ABŞ prezidenti Baş nazir Keir Starmer ilə Chequers iqamətgahında ikitərəfli danışıqlar aparacaq.
Donald Tramp Böyük Britaniyaya ikinci dövlət səfəri edən ilk ABŞ prezidenti kimi tarixə düşüb. Onun ilk dövlət səfəri 2019-cu ildə baş tutmuşdu. Dövlət səfəsi statusu, adətən, yüksək protokol səviyyəli qarşılamalar və kral ailəsi ilə sıx təmaslar anlamına gəlir.
London və Vaşinqton arasında Ukrayna, NATO öhdəlikləri və Yaxın Şərqdəki siyasətlər üzrə mövqelər tam uzlaşmasa da, rəsmi London Trampın səfərini “birlik mesajı” kimi təqdim etməyə çalışır.