Rusiya: Polşa hava məkanına daxil olan dronlar Ukraynadan gəlib
Rusiya Polşanın hava məkanında qeydə alınan pilotsuz uçuş aparatları ilə bağlı açıqlama verib. Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib ki, Polşanın qeydə aldığı dronlar Ukrayna ərazisindən havaya qalxıb.
Ajans.az xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
“Bir şeyi dəqiq bilirik – bu dronlar Ukraynadan uçub,” – deyə Ordaş, Polşanın Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə ölkənin hava məkanında 19 pilotsuz uçan aparatın qeydə alındığını açıqlamışdı. Onun sözlərinə görə, bu dronların əhəmiyyətli hissəsi Belarus ərazisindən ölkəyə daxil olub.
Tusk həmçinin, heç bir sübut təqdim etmədən Polşa səmasında vurulan pilotsuz təyyarələrin Rusiyaya məxsus olduğunu iddia etmişdi.
Rusiya tərəfi bu iddiaları əsassız sayır və məsuliyyətin Ukrayna tərəfinə aid olduğunu bildirir. Hadisə iki ölkə arasında diplomatik gərginliyi artırmaqla yanaşı, regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Polşa tərəfi məsələ ilə bağlı əlavə sübutların təqdim olunacağını və hava məkanının qorunması üçün tədbirlərin gücləndiriləcəyini bildirib.