Nepalın baş naziri kütləvi etirazlardan sonra istefa verib
Nepalın baş naziri Khadga Prasad Oli ölkə boyu sosial media qadağasına və korrupsiyaya qarşı keçirilən kütləvi etirazlardan sonra çərşənbə axşamı istefa verdiyini açıqlayıb.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, 19 nəfərin ölümünə səbəb olan polis müdaxiləsindən və ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarından bir gün sonraya təsadüf edib. Etirazlar fonunda çərşənbə axşamı səhər saatlarında sosial media qadağası da ləğv edilib.
Etirazçılar Katmandu və digər şəhərlərdəki yüksək rütbəli siyasətçilərin evlərinə hücum edərək bir neçə iqamətgahı və ictimai obyekti yandırıblar. Hədəfə alınanlar arasında Nepal Konqres Partiyasının lideri Şer Bahadur Deuba, prezident Ram Chandra Poudel, daxili işlər naziri Ramesh Lekhak və maoist lider Puşpa Kamal Dahal da var. Deubanın həyat yoldaşı Arzu Deuba Ranaya məxsus özəl məktəb də yandırılan obyektlər sırasındadır.
Etirazlar ilk olaraq sosial media platformalarına — o cümlədən Facebook, YouTube və Instagram — qoyulan qadağaya qarşı başladı. Lakin aksiyalar sürətlə korrupsiya və hökumətə qarşı ümumi narazılığın simvoluna çevrildi.
Nepalın müxtəlif şəhərlərində komendant saatı elan edilsə də, paytaxt Katmanduda etirazlar çərşənbə axşamı da davam edib. Polis səsgücləndiricilərdən istifadə edərək insanlara evlərinə qayıtmaq çağırışı etsə də, etirazçılar “Hökumətdə cinayətləri cəzalandırın! Uşaqları öldürməyi dayandırın!” şüarları səsləndiriblər.
Etirazçılardan biri, tələbə Bishnu Thapa Chetri, bildirib:
“Ölkəmizdəki kütləvi korrupsiyaya etiraz etmək üçün buradayıq. Biz gənclər üçün artıq ölkədə qalmağa səbəb yoxdur.”
Başqa bir etirazçı, Narayan Acharya, parlament binasının divarı qarşısında deyib:
“Gənclərimiz öldürülür, biz ədalət və indiki rejimin sona çatmasını istəyirik. K.P. Oli istefa verməlidir.”
Durganah Dahal isə bildirib ki, baş nazirin rəhbərlik etdiyi hökumət polis zorakılığına görə məsuliyyət daşıyır:
“Bu hökumət olduğu müddətdə xalq əzab çəkəcək. Dünən onlarla gənc öldürüldü – biz susa bilmərik.”
Qeyd edək ki, sosial media qadağası, siyasətçilərin övladlarının dəbdəbəli həyat tərzini və korrupsiya iddialarını ifşa edən #NepoChild hərəkatından sonra tətbiq edilmişdi. Bu addım geniş ictimai narazılığa və minlərlə gəncin iştirak etdiyi etirazlara səbəb olmuşdu.
Hazırda ölkədə vəziyyət gərgin olaraq qalır. Yeni hökumət formalaşdırılana qədər müvəqqəti idarəetmə strukturu yaradılması gözlənilir.